Mədəniyyət 

Rəqslərimiz

İnsanlar danışmaqdan qabaq rəqs etməyi bacarırdılar. Əvvəlcə rəqs, sonra söz, rəsm sənəti yaranıb. Axı həyatın əsasında hərəkət durur. Od yanır.., su axır... Yanar dağın alovları, Yardımlı şəlaləsinin suları. Göydə qanad çalan quş da ovunu süzə-süzə manşırlayır. Məhəbbət çağı gələndə də min bir rəng alıb, istəklisinin qabağında əsl mərasim rəqsi ifa edir. Bununla sanki səyyarələri, aləmləri belə nizamda saxlayan əzəli ritmə qoşulmuş olurlar. Şamaxı rəsədxanasının obyektivində ulduz bürclərinin fırlanması. Dünyanı məhvərində saxlayan ritmə qoşulmaqla insanlar bütün işlərini tənzimləməyə, xeyir-dua qazanmağa çalışmışlar. Tilsim, ovsun mərasimlərini rəqslə qutlamış, ov, döyüş uğurlarını rəqslə ulu bildiklərindən diləmişlər. And-aman etmək istəyən hər bir şəxs fövqəl qüvvələr qarşısında rəqslə müntəzir olmuşdur. Hər bir ovçu, əkinçi, kahin həm də öz peşəsinin mərasim rəqslərini ifa edə bilmişdir. Təbiət hadisələrinə-yağış, ildırım, külək və s. canlı varlıqlar kimi baxan, ağaclara, heyvanlara, göy cisimlərinə müqəddəs məxluqlar kimi sitayiş edən qədim əcdadlarımız onlara musiqi parçaları, oyun səhnələri həsr etmiş, ayin rəqslərində öz münasibətlərini, duyğularını ifadə etmişlər. Mərasim rəqsləri adlanan bu sənət nümunələri dövrümüzə qədər gəlib çatmışdır.

E.ə. V minillikdən Azərbaycanda təşəkkül tapmış atəşpərəstlik inancı ilə əlaqədar ifa edilən kahin rəqsləri müasir dövrdə peşəkar rəqs ansambllarının proqramında belə özünə yer tapmışdır. İnsanın əməli, sözü və fikirləri təmiz olmalıdır məramı ilə yaşayan atəşpərəst kahinlər sitayiş etdikləri odun təmizliyini nəfəslərindn belə qorumaq üçün ağız-burunlarına ağ cunadan rübənd çəkər, saç-birçəklərini başlıqları altında gizlədərdilər. Onlar oda, atəşə həsr etdikləri mərasim rqslərində də geyimlərinin bu üslubuna sadiq qalardılar. Dübəndi qayalığından Pirallahı zolağının görünüşü. Sal qayanın qarşısında "Qobustan" rəqs ansamblının bədii rəhbəri Afaq hüseynova atəşpərəstlərin ayin rəqsinin solosunu ifa edir. Ağ kələğayılara bürünmüş yalın ayaqları və əlləri xına ilə rənglənmiş rəqqasələrin rəqsi gah Yanardağda, gah da Suraxanı atəşgahı fonunda davam edir. Rəqsin kompozisiya quruluşu Qız qalasının təpəsindəki meydançanın traektoriyasını təkrar edir. Yenə Dübəndi qayasından Pirallahı görünür. Dünyanın ən qədim atəşpərəstlik məbədinin yerləşdiyi Pirallahı qəsəbəsində vaxtilə od dəniz suyunun üzərində yanırdı. Xəzərin suyu artıb azaldıqca bu atəşgahın suya nisbət mövqeyi də dəyişirdi. Suraxanı, Şubanı /Nardaran/ və digər atəşgahlarda olduğu kimi Pirallahı məbədinin də oduna qulluq edən kahin muğları var idi. Onlar odla bağlı bütün mərasimlərə, o cümlədən rəqs mərasimlərinin qaydası ilə keçirilməsinə nəzarət edirdilər. Afaq hüseynovanın rəqs qrupunun çıxışı gecə vaxtı başqa mühitdə gstərilir. Hər biri üç dayaq üzərində qaldırılmış 9 sacda neftlə qarışdırılmış kül yanır. Axı 9 rəqəmi müqaddəs sayılırdı. Çünki cəmi 9 rəqəm var və bütün qalanları sıfır əlavə edilməklə onlardan törənir. Ortalıqda alma, heyva, nar, qənd teli və digər təamlarla bəzədilmiş şax torpağa sancılıb. Şaxın kəlləsinə diri qırqovul beçəsi, yaxud al-əlvan ları xoruz bağlanıb. Qızlar rəqs etdikcə xoruz hərdən qanadlarını silkələyib banlayır. Ətrafda dövrə vurub yerdən oturmuş tamaşaçıların üzündə gülüş, sevinc gəzir. Xoruz atəş ilahisinin yer üzündə zühuru kimi qəbul edildiyindən onun banlaması mərasimi bəyənməsi kimi düşünülür. Sacdakı alovların qırmızı işığında rəqs edənlərin üzü sirli ifadə alır.

Bütün dövrlərdə ayin rəqsləri insanların ilahi qüvvəyə, transsendental aləmə qovuşması üçün yol, fənd olmuşdur. Orta əsrlərdə sufi təriqətlərinin zikr üsulu olan mərasim rəqsləri də dövrümüzə qədər gəlib çatmışdır. Səfəviyyə təkyəsinin Qadiriyyə qolunun Bakıda fəaliyyətdə olan davamçıları bu hal rəqslərini indi də ifa edirlər. Hətta qədimlərdə belə dərvişlərin hal rəqslərini qadınlar arasında ifa edənlər də olub. IX əsrdə cufi məktəblərindən birinin əsasını qoyan da ərəb rəqqasəsi Rəbiyyə əl-Ədəviyyə olmuşdur. XI əsrin sonu XII əsrin əvvəllərində bütün Şərqdə dahi şairə kimi tanınmış Məhsəti Gəncəvi də sufi rəqslərinin ifaçısı kimi məşhur idi. Müasir dövrdə onu saray rəqqasəsi kimi qələmə verənlərə gəldikdə isə nadan adamların nğılından başqa ad vermək olmaz. Məhsəti Gəncəvinin rübailərində də sufi dünyagörüşü aydın sezilir.

Könülsüz xərabət içrə sən gəlmə,
Dərvişlik rəmzini bilməsən, gəlmə!
Başından keçənin yoludur bu yol,
Bu yolda can qurban verməsən, gəlmə!

Qeyd etmək lazımdır ki, azərbaycan ədəbiyyatında rəqs sözünə ilk dəfə XII əsrin dahi şairi Nizami Gəncəvinin əsərlərində rast gəlinir. Mərəzədəki Diri Baba türbəsinin qarşısında "Dəli yığıncağı" pantomima teatrının kollektivi "Uçuş" tamaşasından dərviş-sufi rəqslərini ifa edir. Onların əynində kəndirdən tikilmiş libaslar var. Sufi şairi Şeyx Əttarın şerləri əsasında qurulmuş bu tamaşanın rəqsləri klassik sufi hal rəqsləri əsasında qurulmuşdur. XIÜ əsr Diri Baba türbəsinin yerləşdiyi dağın döşündəki qartal şəkilli qayanın təsviri ilə göydə süzən qartal və "Dəli yığıncağı" kollektivinin rəqsi növbələşir. Bu rəqslərin davamını Sofi həmid məqbərəsi və Ağ Dəvənin yanında da davam etdirmək olar. Belə olduqda Sofi həmid kompleksi haqqında ayrıca məlumatı da əlavə etmək lazımdır. "Dəli yığıncağı"nın rəqsi zamanı seyşel kokoslarından hazırlanmış dərviş kəşküllərini və təkiyə əhli təsvir olunmuş xalçaları da göstərmək lazımdır. Nəhayət orta əsr azərbaycan miniatürlərində dərviş rəqslərini təsvir edən səhifələr diqqətlə araşdırılır. Sufi rəqslərini oynayan dərvişlər adətən saat əqrəbinin əksinə fırlanmaqla başlayıb, bir növ göy cisimlərinin hərəkətini təqlid edirlər. Hal-hazırda Kəbə daşının ətrafında sonsuz olaraq zəvvarların dolanmasının-təvafa mərasiminin əsasında da həmin ayin rəqslərinin fəlsəfəsi əsası durur.

Azərbaycan rəqslərini başqa xalqların rəqslərindən fərqləndirən mühüm cəhətlərdən biri istər kişi, istərsə də qadın olsun məğrur hərəkətlər, qırğı kimi qürurlu qamət və çoxlu solo partiyalarının olmasıdır. Həddən ziyadə əzilib-büzülmə, tamaşaçıya xoş gəlmək, cəhdi yad təsirlərin məhsuludur. Tarixin kəşmekeşli dövrlərində əsir aparılmış, saraylara, hərəmxanalara düşmüş qadın və kişilərin rəqsi şahları, xanları əyləndirmək məqsədi güddüyündən rəqslərdə belə bayağı elementlər peyda olmuşdur. Qacar məktəbinə xas olan boyakarlıq əsərlərində rəqqasələrin təsviri. Rəqs edənlər xüsusi ilə də saray rəqqasları həmişə daş-qaşlarla bəzədilmiş zəngin geyimdə olardılar. Keçən əsrin əvvəllərində peşəkar rəqs ansamblları yaradılarkən rəqs quruluşçularının çoxusu digər millətlərin nümayəndələri olduğundan hardan gəldi rəqs elementləri götürüb el rəqslərini zibilləmişlər. Rus rəssamı Qaqarin XIX əsrdə Şamaxı rəqqasələrinin portretlərini dəfən-dəfən işləmişdi. Xüsusilə Nisə adlı rəqqasənin portreti onun bir çox əsərlərində təkrar olunur. "Şamaxı gözəlinin rəqsi"ndə rəssam Nisənin rəqsini xüsusi ilhamla vəsf etmişdir.

Əlbəttə adi el rəqsləri zadəgan məclislərində oynanılan rəqslərdən fərqlənirdi. Rəssam Ə.Əzimzadənin "Varlı evində toy" və "Kasıb evində toy" əsərlərini müqayisə etsək, bunu aydın görərik. Lakin kasıb toylarının səmimiyyətinin, sevincinin yerini yəqin heç nəəvəz edə bilməz. Bir sözlə azərbaycan rəqslərinin ümdə cəhəti odur ki, rəqs edən sanki özü üçün oynayır, tamaşaçılara bəyəndirmək üçün yox. Onun özündən xoşu gəlir. Etdiyi hərəkətlərin hamısını özü bəyənir. Hər bir azərbaycanlının həyatında ən vacib gün toy günü hesab edilir. Hətta yoxsul oğlan da o gün bəy adlanır və ona bəyə layiq hörmət, izzət göstərilir. Və toy mərasimi azərbaycanlılarda çoxlu mərasim rəqsləri ilə müşaiyət olunur. "Gəlin atlandı", "Tərəkəmə", "Uzundərə", "Vağzalı" və s. Xüsusi ilə "Gəlin atlandı" el toylarında xüsusi vəchlə ifa olunur. Axı qədimlərdə gəlini bəy evinə şəhərdə faytonla, kənddə isə atla kəcavədə aparardılar. Odur ki, gəlini ata evindən apararkən "Gəlin atlandı" havası çalardılar. Lakin toya qədər hələ qızı yola gətirmək lazım idi. Odur ki, el şənliklərində oğlan istədiyi qızla yarışa girərdi. At çapmaq da bu yarış mərasimlərindən biri idi. Şamaxı rəsədxanasından Baba dağa tərəf-Buz bulaq yolunda duman dərəni tutur. Bu fonda yolda iki atlı ötüşür. Atlı oğlan örpəyi buludları xatırladan qızı hey atdan salmağa çalışır. Lakin bacarmır, qız onu ötür. Belə olduqda oğlan qıza çatıb, onun atına sıçrayır. Yüyəni əlindən alıb, qızla bərabər atı qaçırır. Daha toyun tədarükü görülə bilərdi. Səttərxan adına klubun rəqs kollektivi həmin dərəyə duman çökən yerdə günəş qürubunda toy mərasimi rəqslərini ifa edir. Rəqqasələrin ağ örpəkləri dərəni tutan buludlarla həmahəngdir. Təgcə gəlinin örpəyi artıq qırmızıdır.

Onu da deyək ki, qadın rəqslərində ayaqların hərəkəti o qədər də müxtəlif deyil. Onların məişətində olduğu kimi rəqslərində də əlləri çox hərəkət edir və dəyirmivari traektoriyalar cızır. Daim hərəkətin sonu onun başlanğıcına qayıtmaqla müşaiyət olunur. Dünyanın nəbzi kimi hər şey mənbədən mənsəbə, mənsəbdən mənbəyə dönümlərlə dəyanət tapır. Toy mərasimini xına yaxma, baş bəzəmə, bel bağlama, qapı kəsdi və s. ənənələri ilə də zənginləşdirmək olar. Fikri-zikri allahı, ailəsi, el-obası dairəsində dolanaraq yaşayan azərbaycanlıların yüzlərlə rəqs növü var. Lakin elə rəqs növü də var ki, onun özünün 100-ə qədər çeşidləri var. Bu olduqca qədim tarixə malik "Yallı" rəqsidir. Onun təsviri 10-15 min illik tarixi olan qədim insan məskəni Qobustan qayalarında öz əksini tapmışdır. Qavaldaş da çalınan "Yallı" ritmi və qaya rəsmlərinin görünüşü.

Şərur rayon "Yallı" rəqs qrupu hazırda yallının 73 növünü ifa edir. "Yallı" rəqs qrupunun kollektivi Əshabül-Kəhf ziyarətinin fonunda rəqs edir. Onları Tulum zurnanın səsi müşaiyət edir. Tulum zurna çəpiş dərisindən hazırlanır. İçərisinə hava doldurulur. Zunaçı həmin tulumu qoltuğu altında saxlayıb çaldıqca sıxıb-açır və musiqini tənzimləyir. Rəqsin zəngin olması üçün "Yallı"nın "Tello", "Qənimo", "Gopu", "Dönə", "Ürfani", "Qaz-Qazı" və s. növlərindən istifadə olunur. Rəqs getdikcə Əshabül-Kəhf ziyarətinin mənzərələri ilə növbələşir. Ələkbər Rzaquluyevin "Yallı" rəqsinin təsviri göstərilir. Ov və döyüş mərasim rəqsləri kimi meydana gəlmiş bu rəqs kütləvi el rəqsləri olub 80-100 nəfərdən ibarət dəstə ilə ifa edilir. Azərbaycanda rəqs sənəti muğam musiqisi qədər zəngin və təkrarolunmazdır. Onun mərasim rəqsləri də müxtəlif çeşidlidir. Filmə mərasim rəqsi kimi "Koskosa" və "Səməni" rəqslərini də daxil etmək olar.

SARA NƏZİROVA /sənədli televiziya filminin ssenarisi/